Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə peşə təhsili yeni inkişaf mərhələsində qədəm qoymuşdur

15 sentyabr 2020 | 16:00

   Günü – gündən hər bir sahədə mühüm inkişaf dinamikasına qədəm qoyan müstəqil ölkəmiz öz parlaq gələcəyinin çiçəklənməsi naminə uğurlu addımlar atır. Bu addımlardan ən prioriteti heç şübhəsiz, təhsilin inkişafında həyata keçirilən proqram və layihələrdir. Bildiyiniz kimi, hər yeni tədris ili ərəfəsində ölkəmizin bütün şəhər və rayonlarında müxtəlif tipli təhsil müəssisələrinin fəaliyyət göstərdiyi binalar istifadəyə verilir və ya əsaslı təmir olunur. Bu mühüm amil onu deməyə əsas verir ki, Azərbaycan dövləti öz gələcək nəslinin inkişafında bütün səylərini nümayiş etdirir. Belə təhsil müəssisələrindən biri də 2020-2021-ci tədris ilinin başlanğıcında ölkəmizin sənaye mərkəzi olan Sumqayıt şəhərində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə açılışı olan Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzidir.
    Bu əlamətdar tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin hərtərəfli inkişaf və  tərəqqisindən bəhs edərək bildirdi ki, Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub.
Ölkə başçısı çıxışında qeyd etdi ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialının daha da gücləndiyini vurğulayan Prezident İlham Əliyev bu il Sumqayıt şəhərində şüşə istehsalı zavodunun da fəaliyyətə başlayacağını bildirdi. “Oraya da böyük investisiyalar qoyulub və daxili tələbatımız təmin ediləcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir”-deyə cənab Prezident bildirdi.

    Bundan əlavə, daxili tələbatın mümkün qədər yerli məhsullarla təmin etməyi vurğulayan ölkə başçısı bu sahədə də Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu olduğunu bildirdi. “Çünki son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılığı maksimum dərəcədə azalsın. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır”.

    Eyni zamanda Dövlət başçısı çıxışında bildirdi ki, tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır. Bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi 300 milyon manata qənaət edilib. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. Çalışmaq lazımdır ki, istehsalat artsın və bu məhsulu ixrac edilsin.

    Həmçinin, təbliğat işlərinin də düzgün qurulmasından söhbət açan ölkə başçısı müvafiq qadağaların da qüvvəyə mindiyini dedi və əlavə etdi ki, mən bu fabriki gələcəkdə sırf ixracyönümlü müəssisə kimi görürəm və belə misallar çox gətirmək olar. İndi bizim tütün istehsalımız, keyfiyyətli avadanlığımız var. Tütün istehsalı olmayan bəzi ölkələr nə üçün bizə məhsul ixrac edir. Onlar tütünü xaricdən alırlar və sonra onu emal edib satırlar. Siqaret istehsalında biz xarici tütündən də asılıyıq. Ancaq qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən də məhsul alınsın və beləliklə, kənd təsərrüfatının inkişafına da təkan verilsin.
    Prezident İlham Əliyev açılış zamanı qeyd etdi ki, bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur.
     Xaricdə yaşayan azərbaycanlı iş adamlarının da ölkəmizə vəsait qoymasının da mühüm amil olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar.Eyni zamanda, bütün bu amillər düzgün istiqamətə səfərbər edilsə, onda Azərbaycana investisiya axını dayanmayacaq. Əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq.

    Tədbir zamanı bir çox vacib məsələlərə toxunan Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyasının yeniliklərə münasibətilə fərqləndiyini vurğulayaraq, nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirdi və əlavə etdi ki, ilk dəfədir ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.
    Ölkəmizin çiçəklənməsi və inkişaf dinamikasında uğurlu siyəsət yürüdən ölkə başçımız cənab İlham Əliyevin qətiyyətli addımları gələcəyimizə olan inam və ümidi daha da artırır.

Keçidlər