Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda Konstitusiya Günüdür

12 noyabr 2020 | 16:00

  Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Respublikamızda yeni Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.
    Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.
Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.
   Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə ölkə Prezidenti Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.
    Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
    1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
   Bu gün də Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən erməni işğalçılarından vətən torpağının  azad edilməsi ilə dövlətimizin ərazi bütövlüyü və suverenliyi təmin edilib. Bütün xalqımız kimi laçınlılar da 12 noyabr Konstitusiya gününü möhtəşəm zəfər bayramı ilə birlikdə yüksək təntənə ilə qeyd edirlər.

Keçidlər