Şriftin ölçüsü :

Saytın rəngi :

II dünya müharibəsi iştirakçıları onlara göstərilən qayğıdan razıdırlar

08 may 2012 | 15:00

7 may 2012- ci il tarixdə Laçın Rayon İcra strukturlarının və idarə müəssissələrinin müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində qələbənin əldə olunmasının 67-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstü rayon ictimaiyyəti və laçınlı ikinci dünya müharibəsi iştirakçıları tərəfindən ziyarət olunaraq önünə gül dəstələri qoyulmuşdur. Sonra tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasının konfrans zalında davam etdirilmişdir.Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov açıq elan etmiş, ikinci dünya müharibəsində həlak olmuş və müharibədən sonra vəfat etmiş müharibə iştirakçılarının, eyni zamanda Qarabağ müharibəsində şəhid olmuş bütün soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra müharibə iştirakçılarının keçdiyi qəhramanlıq yoluna bir daha nəzər salınmış, dünya tarixinə 50 milyondan çox insan itkisi ilə düşən II dünya müharibəsinin Azərbaycan xalqının yaddaşında da silinməz izlər qoyduğu, alman faşizmi üzərində qələbənin əldə olunmasında çox böyük payı olan xalqımızın 640 min nəfərdən çox oğul və qızını cəbhəyə getdiyi, bunlardan da 3660 nəfərin Laçın rayon sakinləri olduğu, onlardan isə 2426 nəfərin qəhrəmanlıqla həlak olaraq vətənə dönmədiyi bildirilmişdir. Hazırda rayon üzrə II dünya müharibəsinin iştirakçılarının sayı 30 nəfərdir.
Qeyd olunmuşdur ki, Alman faşizmi üzərində Qələbənin əldə edilməsində 121 nəfər azərbaycanlı cəbhədə göstərdiyi xüsusi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür ki, onlardan da bir nəfəri laçınlı Əvəz Verdiyevdir. Belə laçınlılarımızın keçdiyi qəhrəmanlıq yolu, erməni faşizminin xalqımıza qarşı apardığı müharibə şəraitində, gənclər üçün əsil örnəkdir.
Sonra tədbirdə ikinci dünya müharibəsi iştirakçıları çıxış edərək, xasusilə bildirmişlər ki, Ulu Öndər Heydər Əliyev əgər 1993-cü ildə siyasi hakimiyyətə qayıtmasaydı biz müharibə veteranlarının adı bəlkədə tarix səhnəsindən silinmişdi. Məhz onun qayğısı sayəsində II Dünya Müharibəsi iştirakçılarının keçdiyi qəhrəmanlıq yoluna doğru və düzgün qiymət verilmişdir. Eyni zamanda veteranlar tərəfindən alman faşizminin bəşəriyyətə vurduğu ağır zərbələrdən danışmış, həmçinin 1988-ci ildən erməni faşizmi tərəfindən soydaşlarımızın doğma vətənində köçkün vəziyyətinə düşməsini, torpaqlarımızın 20 faizinin işğalını, 20 mindən artıq soydaşımızın isə şəhid olmasını ürək ağrısı ilə dilə gətirmişlər. Həmçinin ikinci dünya müharibəsi iştirakçıları Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində nikbin olduqlarını, tezliklə yağı düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə qəti əminliklərini bildirmişlər. Minnətdarlıq hissi ilə qeyd etmişlər ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ənənəvi olaraq, hər il 9 may qələbə günü ərəfəsində onlara və vəfat etmiş cəbhə yoldaşlarının ailələrinə, eləcədə arxa cəbhədə fədakarlıq göstərmiş insanlara birdəfəlik maddi köməklik olunması onlara göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Tədbirin sonunda rayon üzrə laçınlı ikinci dünya müharibəsi iştirakçılarına Rayon İcra Hakimiyyəti başçısı tərəfindən maddi köməklik və ərzaq bağlaması verilmişdir.

 

Keçidlər