Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü Bərdə rayonunda keçirilmişdir.

19 oktyabr 2017 | 16:00

          2017-ci il 19 oktyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisində  müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü - səyyar qəbulu keçirilmişdir.
       Bərdə rayonunun Qaradəmirçi kəndində fəaliyyət göstərən şəhid Zöhrab Ələkbərov adına Laçın rayonunun Aşağı Fərəcan kənd tam orta məktəbində keçirilmiş görüşdə 70 nəfər Laçın rayon sakini iştirak etmişdir.  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli görüşdə çıxış edərək, ölkəmizdə və rayonda görülən işlərdən danışmış,  Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi  altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıtması bütün məcburi köçkünlərdə yüksək əhval-ruhiyyə yaratdığını və bunun “Böyük Qayıdış”ın təməli olduğunu, növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda  həyata keçiriləcəyinə əminliyini bildirmişdir.
         Daha sonra rayon rəhbəri məktəbdə tədris prosesinin gedişi ilə tanış olmuş, məktəbin qışa hazırlıq vəziyyəti ilə maraqlanmışdır. Məktəbin ümumi fəaliyyəti barədə Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov rayon rəhbərinə ətraflı məlumat vermişdir.
      Şəhid Zöhrab Ələkbərov adına Laçın rayonunun Aşağı Fərəcan kənd tam orta məktəbinin direktoru Etibar Nəbiyev  Laçın təhsilinin cari ildəki uğurlarından söz açaraq, rəhbərlik etdiyi məktəbin 2016-2017-ci tədris ilinin məzunu, Laçın rayonunun Mişni kənd sakini Heydərova Aygün Azad qızının  bu il imtahanlarda 628 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmasından fəxarətlə danışmışdır.
      Görüş başa çatdıqdan sonra məcburi köçkünlərlə səyyar qəbul təşkil edilmişdir. Həmin qəbulda 12 nəfərin müraciəti dinlənilmiş və həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
      
            Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

           Görüşdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndələr  iştirak etmişlər.

Keçidlər